Kimyaçılar bir gündə 600 ağac və 2 minə yaxın gül kolu əkiblər
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 10-da SOCAR “Azərikimya” İstehsalat Birliyinin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş iməcilik keçirib. “Azərikimya” İB-nin yüzlərlə əməkdaşının iştirak etdiyi iməciliyə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin üzvləri, “Sosial quruculuq” İctimai Birliyinin nümayəndələri, həmçinin tibb işçiləri və şəhərin bir sıra tanınmış idmançıları da qoşulublar.
AZƏRTAC xəbər verir ki, iməcilik zamanı “Azərikimya” İstehsalat Birliyinin inzibati binasının qarşısında, Etilen-Polietilen zavodu ərazisindəki “Şəhidlər abidəsi”nin ətrafında, zavodun Polietilen istehsalatının inzibati binasının yerləşdiyi ərazidə 2 minə yaxın mövsümi gül kolu və 600 ədəd müxtəlif növ ağac əkilib.
Həmçinin kimyaçılar tərəfindən Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əraziləri alaq otlarından təmizlənib, əvvəlki iməcilikdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, abadlıq işləri aparılıb.