MƏDƏNİYYƏT
KİTAB NƏŞRİ ÜÇÜN YENİ ŞƏRAİT YARADILACAQ
MDB ölkələrinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində Dövlətlərarası Şurasının iyunun axırlarında Minskdə keçirilən üçüncü iclasında Birliyin iştirakçısı olan dövlətlərin milli qanunvericilikləri əsasında kitab nəşri təşkilatlarının fəaliyyəti, o cümlədən uşaq, tədris, elmi-texniki, soraq-məlumat ədəbiyyatının, milli klassiklərin, müasir müəlliflərin bədii əsərlərinin, ayrı-ayrı kitab və seriyaların nəşri üçün daha əlverişli şərait yaradılması qərara alınmışdır. AZƏRTAC-ın müxbirinə bunu Mədəniyyət Nazirliyi nəşriyyatlar şöbəsinin rəisi, şair Çingiz Əlioğlu bildirmişdir. Bundan belə Şura nəşriyyatlar, kitab ticarəti, poliqrafiya müəssisələri və təşkilatları, assosiasiya və birliklər arasında birbaşa əlaqələri, habelə birgə layihələrin həyata keçirilməsi üçün bir-birinə mütəxəssislər göndərilməsini təşviq edəcəkdir. Yeri gəlmişkən, əməkdaşlıq haqqında sazişin yeni redaksiyada qəbul olunduğu iclasın axırıncı günü Çingiz Əlioğlunun sədrliyi ilə keçmişdir. İclasda MDB ölkələrində yaşayan xalqların və milli azlıqların dillərində çap məhsulunun, o cümlədən dərsliklərin buraxılışını artırmaq üçün tədbirlər də işlənib hazırlanmışdır.