Kitabxana “#evdəqal. Ədəbiyyat və mədəniyyət incilərini tanı” aksiyasını davam etdirir
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün idarə və təşkilatlar kimi, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.
Bununla əlaqədar olaraq kitabxana “Instagram” və “Facebook” sosial şəbəkələrində “#evdəqal. Ədəbiyyat və mədəniyyət incilərini tanı” adlı aksiyasını uğurla davam etdirir. Aksiya çərçivəsində kitabxana əməkdaşları dünya və Azərbaycan ədəbiyyatının və mədəniyyət sahəsinin görkəmli xadimləri haqqında hazırlanmış videoçarxlar vasitəsilə öz istifadəçilərini maarifləndirirlər. “Instagram” və “Facebook” sosial şəbəkələrinə sözügedən aksiya üzrə 50-dən çox foto və videomaterial yerləşdirilib.
Sosial şəbəkə istifadəçiləri kitabxananın əməkdaşları tərəfindən yaradılan bu videoçarxları izləyərkən bu və ya digər ədəbiyyat və ya mədəniyyət nümayəndəsi haqqında qısa müddətdə tam dolğun, ətraflı məlumat almış olurlar. Bu videoçarxlarda musiqi müşayiəti altında ədəbiyyat və ya mədəniyyət nümayəndəsinin tərcümeyi-halı, dünya və ölkə miqyasında məşhurluq səviyyəsi, müasirlərinin onun haqqında xatirələri, əsərlərindən parçalar və s. məlumatlar verilir.