MƏDƏNİYYƏT
Kitabxana növbəti metodik vəsaitləri oxuculara təqdim edib
![](/files/galleryphoto/2021/2/1200x630/16264196504145225230_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16264196506469235322_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq şairi Qabilin və Süleyman Vəliyevin yubiley günləri münasibətilə metodik vəsaitləri təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Qibləgahı həqiqət olan şair” adlı vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Xalq şairi Qabilin 95 illik yubileyi münasibətilə yazılan vəsait iki hissədən ibarətdir. Birinci hissə “Qibləgahım - həqiqət, səcdəgahım - sədaqət” adlanır və Xalq şairi Qabilin həyat və yaradıcılığından bəhs edir. “Qətiyyətli qələmilə əbədiyyət qazanan şair” adlı ikinci hissə isə şairin yaradıcılığı mövzusunda kitabxanada pandemiya ilə əlaqədar onlayn şəkildə təşkil olunmuş kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisindən bəhs edir. Vəsaitdə Xalq şairi Qabilin uşaqlar üçün qələmə aldığı “Sözün qısası” adı altında yazdığı “Deyil”, “Söz”, “İynə-sancaq”, “Kin”, “Qar yağır”, “Deməli”, “Dayı-əmi”, “İnsan”, “Dəyişmir”, “Təmizlik”, “Pul”, “İnam”, “Ehtiyac”, “Nağaraçı” silsilə şeirləri haqqında məktəbli oxuculara məlumat verilib.
“Faciəli ömrün qəmli dastanını yazan ədib” adlı vəsait yazıçı Süleyman Vəliyevin 105 illik yubileyi münasibətilə hazırlanıb.
Süleyman Vəliyev Azərbaycan ədəbiyyatında repressiya həqiqətlərindən söz açan ilk memuar əsər müəllifidir. Əsərləri qədər həyatında da insanların mənəvi tərbiyəsinə təsir göstərən amillərin olması yüksək mənəviyyat xəzinəsidir, insanları haqqa, ədalətə, doğruluğa və ən əsası, ruhani yüksəkliyə aparan yolun istiqaməti kimi dəyərli və qiymətlidir.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Fərqli ömür insanı Süleyman Vəliyev” adlanır. Vəsaitdə istedadlı yazarın həyat və yaradıcılığından bəhs edilir. “Süleyman Vəliyev dünyası” adlanan ikinci hissədə isə onun yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlərdən söhbət açılır.