Kitabxana “Zərifə xanımın əziz xatirəsinə” adlı videoçarx hazırlayıb
Bakı, 28 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xızı rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında görkəmli oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1997-ci il aprelin 15-də söylədiyi: “Zərifə xanımın xatirəsi bizim qəlbimizdə, nəinki bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində daim yaşayacaqdır”, - sözləri ilə başlanır.
Videoçaxda Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri qeyd olunub, onun 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğu bildirilib.
Videoçarxı izləyənlər akademik Zərifə Əliyevanın Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Moskvada nəşr olunan “Вестник офтальмологии” ("Vestnik oftalmologii") jurnalının redaksiya heyətinin üzvü olduğu haqda məlumat alacaqlar.
Burada Prezident İlham Əliyevin akademik Z.Əliyevanın 90 illik yubileyində (27 aprel 2013-cü il) söylədiyi fikirlər də yer alıb: “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafatı olan Averbax mükafatına layiq görülmüşdür”.
Videoçarxda Zərifə xanım Əliyeva haqqında yazılan kitablar, onun yubileyi ilə əlaqədar buraxılmış poçt markaları, Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısındakı və Bakıdakı yaşadığı evin üzərində barelyefləri, İrpendəki (Ukrayna) büstü və çoxlu sayda maraqlı fotolar yerləşdirilib.