KİV-lər: Qazaxıstanda elektrik skuterləri haqqında qanun qüvvəyə minəcək
Bakı, 4 may, AZƏRTAC
Son illər qazaxların elektrik skuterlərinə və mopedlərə marağı artıb. Bunun nəticəsində elektrik skuterləri və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı xəsarətlərin sayı da artıb.
AZƏRTAC “zakon.kz” saytına istinadla xəbər verir ki, mayın 10-da fərdi hərəkətlilik vasitələrinin sürücülərinin yollarda davranışını tənzimləyən qanun dərc olunacaq.
Media nəşri qeyd edir ki, 70 kilometr-saat sürətlə hərəkət etmək qabiliyyətinə malik elektrik skuteri təkcə onu idarə edənlər üçün deyil, həm də ətraf mühitdəki insanlar üçün böyük risk daşıyır. Buna görə də Qazaxıstanda elektrik skuterlərinin və digər alternativ nəqliyyat növlərinin hərəkətini tənzimləyən qaydaların işlənib hazırlanması üzrə fəal iş aparılır. Bu, elektrik skuterlərinin sayının kəskin artması və həmin nəqliyyat vasitələrində harada və hansı sürətlə hərəkət etmək anlamının olmaması səbəbindən son dərəcə vacib sayılır. Skuter sahibləri üçün qaydaların işlənib hazırlanması məsələsi son illər ərzində tez-tez qaldırılıb.
Qazaxıstan Majilisinin (Parlamentin aşağı palatası) deputatları “elektrik skuteri” anlamının qanunvericilik səviyyəsinə çıxarılmasını zəruri hesab ediblər. Belə ki, bu ilin əvvəlində Yekaterina Smışlyayeva, Yuliya Kuçinskaya və Janat Omarbekovanın qanunvericiliyə təqdim etdikləri düzəlişlər elektrik skuterlərindən istifadə qaydalarını, moped sürücülərinin, elektrik skuterlərinin, elektriklə işləyən kiçik nəqliyyat vasitələrinin hüquq və vəzifələrini nəzərdə tutur. Smışlyayevanın sözlərinə görə, müvafiq qanun layihəsinə iki il bundan əvvəl təşəbbüs göstərilib və artıq mayın 10-da qanun dərc olunacaq.
“Hesab edirəm ki, bu qanun layihəsi çox vacibdir. Özüm kiçik uşaqlarla piyada gəzirəm və səkilərdə vəziyyəti görürəm. Zərərçəkənlərdən deputat kimi həmişə müraciətlər alıram. Yeni nəqliyyat vasitələri parkı artır və bu gün qaydalar olmadan həm piyadalar, həm də elektrik skuterləri sürücüləri üçün çox təhlükəlidir. Əslində, yeni nəqliyyat növü, həm də elektrik skuterləri kimi əlçatan və rahat nəqliyyat növü əmələ gələndə onun hərəkəti üçün də infrastruktur yaradılmalıdır. Bundan piyadalar ziyan çəkməməlidir”, - deyə deputat vurğulayıb.