KİV nümayəndələri üçün “Fairmont Baku” otelində press-tur təşkil olunmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də KİV nümayəndələri üçün “Fairmont Baku” otelində press-tur təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində KİV nümayəndələri mehmanxana ilə tanış olmuş və otel rəhbərliyinə öz suallarını ünvanlamışlar.
Bildirilmişdir ki, Fairmont Baku Oteli ümumilikdə 318 yüksək səviyyədə təchiz olunmuş qonaq otağı və 63 Fairmont Gold lüks qonaq otaqlarından ibarətdir. Mehmanxanada lüks ESPA-spa kompleksi də fəaliyyət göstərir.
Qonaqların istirahətini daha zövqlü etmək üçün mehmanxanada Le-Bistro fransız restoranı və Nur Lounge fəaliyyət göstərir. Oteldə həmçinin tezliklə açılışı planlaşdırılan Cigar Divan, Jazz Bar və Alov Steakhouse restoranları da istifadəyə veriləcəkdir.
Fairmont Baku oteli həm də, rəsmi və qeyri-rəsmi konfransların, ziyafətlərin keçirildiyi ən məşhur məkanlardan hesab olunur. Mehmanxanaya ümumilikdə 2500 kvadratmetrdən çox sahəni əhatə edən 9 iclas zalı və ölkədə ən böyük iki ziyafət zalı da daxildir.
Fairmont Baku oteli Alov Qüllələrinin bir hissəsi və dünya üzrə məşhur mehmanxana brendi olan Fairmont Raffles Hotels İnternational şəbəkəsinin tərkib hissədir. Alov Qüllələrinin digər hissələri olan biznes mərkəzi və yaşayış yerinin tam mərkəzində isə ticarət mərkəzi və İMAX Cinema kinoteatrı yerləşir.
Fairmont Baku 2013-cü ildə fəaliyyətə başlamışdır. Hazırda bu elit otel şəbəkəsi London, Dubay, Kiyev, Caypur, Manila və digər turist mərkəzlərində fəaliyyət göstərir.
Mehmanxana haqqında ətraflı məlumatı internet səhifəsindən əldə etmək olar: www.fairmont.com/baku