İDMAN
Kiyevdə “Bakı-2015” ilk Avropa Oyunlarına dəstək aksiyası keçirilib
![](/files/galleryphoto/2015/2/1200x630/14341216846285658361_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341216844064143906_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434121684378217620_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan avtoyürüş təşkil edib. Üzərində Avropa Oyunlarının rəmzi əks olunan, Azərbaycan və Ukrayna bayraqları asılmış avtomobil karvanı Kiyevin bütün mərkəzi küçələri ilə hərəkət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, Oyunların təbliğat kampaniyası çərçivəsində təşkilatın təşəbbüsü və dəstəyi ilə “Bakı, gözlə bizi” adlı videoçarx hazırlanaraq sosial şəbəkələrdə yayılıb. Videoçarxda Ukraynanın qadın güləşçiləri Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini doğma dilimizdə səsləndiriblər.
Kampaniya çərçivəsində UABD-nin üzvləri və “Diaspor” TV-nin çəkiliş qrupu Ukraynanı “Bakı-2015” birinci Avropa Oyunlarında təmsil edəcək idmançıların təlim-məşq toplanışını izləyərək videomateriallar hazırlayıb.
İlk Avropa Oyunlarının təbliği məqsədilə Kiyevin mərkəzi küçələrində 2 minə yaxın broşür paylanılıb. Təşkilatın gənc fəalları şəhərin Müstəqillik meydanında insanları Avropa Oyunları barədə məlumatlandırıblar. Bundan əlavə, “Maydan”da “Bakı-2015”ə həsr edilmiş plakatlar asılıb, Azərbaycan və Ukrayna bayraqları dalğalanıb.
UABD-nin sədri Hikmət Cavadov Avropa Oyunları ilə əlaqədar Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movçan, Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeriy Borzov, birinci Avropa Oyunlarında Ukrayna missiyasının rəhbəri Anna Skorina ilə görüşlər keçirib. Görüşlərdə ukraynalı idmançıların Bakıya səfəri və Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.