SİYASƏT
Kiyevdə həmvətənimiz Arif Quliyevin “Qloballaşma şəraitində xarici əlaqələrin beynəlxalq–hüquqi konteksti” kitabının təqdimatı olmuşdur
Kiyev, 17 mart (AZƏRTAC). Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Tarix İnstitutunda həmvətənimiz Arif Quliyevin rus dilində çapdan çıxmış “Qloballaşma şəraitində xarici əlaqələrin beynəlxalq-hüquqi konteksti” kitabının təqdimatı olmuşdur.
Arif Cəmil oğlu Quliyev - Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət, İdman Mərkəzinin direktoru və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədr müavinidir.
Monoqrafiyanın müəllifinin Azərbaycanda dövlət xidməti, o cümlədən diplomatik xidmət, elmi və pedaqoji fəaliyyət sahəsində çoxillik təcrübəsi mövzunun işlənməsində və şərhində müqayisəli-hüquqi yanaşma metodunu reallaşdırmağa imkan vermişdir. Kitabda xarici siyasət idarələrinin təkamül yolu ilə inkişafının spesifikasından, qloballaşma şəraitində diplomatik orqanlara həvalə edilmiş vəzifə və funksiyalardan, digər məsələlərdən bəhs edilir. Qeyd edək ki, nəşrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə də məlumat verilmişdir. Müəllif kitabda Azərbaycan Prezidenti İlham Əliyevin belə fikrinə də istinad edir: bizim ölkəmiz sülhün tərəfdarıdır, biz müharibənin yenidən başlanmasını istəmirik və bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq, bununla belə, hamı bilməlidir ki, bizim səbrimiz sonsuz deyil. Azərbaycan, öz torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir.
Arif Quliyev təqdimat mərasimində çıxış edərək vurğulamışdır ki, monoqrafiyada Azərbaycan və Ukrayna diplomatiyasının beynəlxalq səhnəyə çıxışı ilə bağlı məsələlərə xüsusi diqqət yetirməyə çalışmışdır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukraynanın sabiq xarici işlər naziri Gennadi Udovenko, UAK-ın fəal üzvü, istefada olan milis polkovniki Əliş Osmanov, MAU-nun beynəlxalq hüquq kafedrasının müdiri, professor Vladimir Antipenko və başqaları öz çıxışlarında kitabı yüksək qiymətləndirmişlər.
Elə həmin gün “Ukrayna Avropada: ümumi gələcək axtarışında” və “Ukrayna və Avropanın mədəni-sivilizasiya məkanı: formalaşma xüsusiyyətləri və inkişafın müasir meyilləri” adlı daha iki monoqrafiyanın (hər ikisi - Ukrayna dilində) təqdimatı olmuşdur. Bu kitablarda da Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir.
Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın rəhbərliyinin, Ukraynanın akademik elmi və elmi-tədqiqat müəssisələrinin nümayəndələri, politoloqlar, Kiyev ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Ukrayna KİV-lərinin nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTACın xüsusi müxbiri
Kiyev