SİYASƏT
Kiyevdəki 247 nömrəli ixtisaslaşdırılmış məktəb Ukraynada Azərbaycan dili və ədəbiyyatını tədris edən qabaqcıl məktəbdir
Əvvəlcə məktəbin müəllimi Səfayə Naibova bu təhsil ocağının rəhbərliyini, fəxri qonaqları, valideynləri və şagirdləri salamlayıb.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra söz Azərbaycanın Kiyevdəki səfirliyinin ikinci katibi Fərid Babayevə verilib. Diplomat Azərbaycan səfiri Eynulla Mədətli adından toplaşanları ürəkdən təbrik edib.
Sonra “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov Bilik günü münasibətilə məktəbin rəhbərliyinə və şagirdlərə səmimi ürək sözlərini çatdırıb. O, sinfə və məktəb kitabxanasına Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadiqin UABD-nin sifarişi ilə Azərbaycan, Ukrayna, ingilis və rus dillərində buraxılmış “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitinin bir neçə nüsxəsini hədiyyə verib.
H.Cavadov xüsusi vurğulayıb ki, bu dərs vəsaiti Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın hərtərəfli dəstəyi sayəsində işıq üzü görüb. O, həmçinin bildirib ki, Kiyevdəki 247 nömrəli məktəb haqlı olaraq Ukraynada Azərbaycan dili və ədəbiyyatını tədris edən qabaqcıl məktəb adını daşıyır.
Sonra Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Salmanov, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev və Kiyevdəki məşhur “A&A” hüquq şirkətinin rəhbəri Əli Əliyev auditoriyaya uğurlu dərs ili arzulayıblar.
Öz növbəsində məktəbin direktoru Tatyana Vişnevskaya böyüməkdə olan nəsli hamiliyə götürdüyünə görə Azərbaycan səfirliyinə təşəkkür edərək bildirib ki, bu il Laura Paşayeva, Arzu Əliyeva və Məhin Hüsüzadə məktəbi qızıl medallarla bitirərək A.A.Boqomolets adına Milli Tibb Universitetinin tələbələri olublar.
Tədbir şagirdlərin səhnələşdirilmiş çıxışı ilə başa çatıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev