MƏDƏNİYYƏT
Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbiri “Arşın mal alan” musiqili komediyasına həsr edilmişdir
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 7-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, “Arşın mal alan” müxtəlif təfsirlərdə” mövzusunda təşkil olunmuş tədbir bu musiqili komediyanın yazılmasının 100 illiyinə həsr edilmişdir.
Niyazinin mənzil-muzeyinin elmi işçisi Xanımbacı Abdinova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası, müxtəlif illərdə və ölkələrdə çəkilmiş “Arşın mal alan” kinofilmləri, maestro Niyazinin bu filmlərdən ən uğurlu variantındakı musiqi tərtibatı haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, “Arşın mal alan” musiqili komediyası az müddətdə bəstəkara dünya şöhrəti gətirmişdir. Təkcə 1915-1916-cı illərdə əsər Bakıda 150 dəfədən çox oynanılmış, Qafqaz xalqlarının, demək olar ki, bütün dillərinə tərcümə olunmuşdur.
“Arşın mal alan” dünyanın əksər ölkələrində məhəbbətlə izlənmiş və bu gün də müvəffəqiyyətlə səhnəyə qoyulur. Burada səslənən ifadələr dilimizdə zərb-məsələ çevrilmişdir. “Arşın mal alan” insanların musiqi zövqünün formalaşmasına da böyük təsir göstərmişdir.
Diqqətə çatdırılmışdır ki, 1945-ci ildə Bakıda çəkilmiş “Arşın mal alan” filmi Dövlət mükafatına layiq görülmüş, dünyanın 186 ölkəsində nümayiş etdirilmişdir. 1965-ci ildə ikinci dəfə ekranlaşdırılan əsər bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə izlənilir. Lakin filmin uğuru əvvəlkini üstələməmişdir.
Tədbirdə “Arşın mal alan” kinofilmlərindən fraqmentlər və slaydlar nümayiş etdirilmişdir.