KOB-ların qlobal təlatümlərə qarşı ən güclü qalxanı rəqəmsal adaptasiyadır – Ekspert rəyi
Bakı, 31 iyul, AZƏRTAC
Qlobal risklər qarşısında mövcudluğunu qorumaq və rəqabət qabiliyyətlərini itirməmək üçün müxtəlif sahələrdə kiçik və orta biznes subyektlərinin (KOB) klasterləşməsi strategiyası uyğun addım ola bilər. Klasterləşmə kiçik imkanlara malik KOB-ların resurslarını birləşdirməyə, tədarük zəncirlərinin daha böyük hissəsini yerli iqtisadi subyektlər hesabına qurmağa, həmçinin bəzi avadanlıq, yarımfabrikat, komponent və xammalın ölkə daxilində istehsalını təşkil etməyə imkan yaradır. Bu isə həm KOB-ların geriyə yönəlik inteqrasiya strategiyası, həm də klaster üzvlərinin mövcud imkanlarından birgə istifadə hesabına mümkün olur.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəbrayıl Vəliyev bildirib.
Ekspert qeyd edib ki, KOB-ların klaster şəklində birləşməsi onlara xammal alışında böyükhəcmli endirimlər əldə etməyə, logistika xərclərini bölüşməyə və ortaq texnoloji infrastrukturdan istifadə etməyə imkan verir: “Hazırda dövlət tərəfindən tətbiq edilən KOB klaster şəhadətnaməsi mexanizmi (vergi güzəştləri) bu strategiyanın hüquqi əsasını təşkil edir. İdxal inflyasiyası və tədarük zəncirlərinin qırılması çərçivəsində yaranan risklərin bir qisminin bu minvalla azala biləcəyini düşünürəm. Bu istiqamətdə digər bir strategiya təbii ki, tədarükçülərin diversifikasiyasıdır. KOB-ların satınalma gücünün aşağı olduğu məlumdur, ancaq maksimum şəkildə tədarükçülərin coğrafi olaraq diversifikasıyasına çalışılmalıdır ki, geosiyasi risklər yarandığı zaman digər tədarükçülərdən ehtiyac duyulan malların təmini həyata keçirilə bilsinlər. Bunun üçün KOB-lar effektiv tədarük planlama və idarəetmə fəaliyyətləri aparmalıdırlar”.
Maliyyə resurslarına əlçatanlığı artırmaq üçün KOB-lar yalnız ənənəvi bank kreditlərinə bel bağlamamalıdırlar deyən ekspert bildirib ki, alternativ maliyyə alətlərindən istifadəni artırmalı, kreditləri lizinq, faktorinq və xüsusilə ixracda akkreditivlərlə əvəzləmək daxili likvidlik riskini azalda bilər: “Təbii ki, alternativ maliyyə alətləri bazarımızın da inkişaf etdirilməsi zəruridir. Eyni zamanda, banklar xüsusilə KOB-ların ixracda payının artırılmasına daha güclü dəstək göstərməlidirlər, ixracın kreditləşdirilməsi fəaliyyətlərini ixracdan əvvəl, ixrac prosesi boyunca və ixracdan sonra olmaqla daha geniş bir prosesə yaymalıdırlar. Bu istiqamətdə xüsusilə ixraca dəstək üçün yaradılan və bir çox ölkədə uğurlu təcrübə qazanmış “Eximbank”ların təcrübələrindən faydalana bilərlər. KOB-larımız ixrac imkanlarını genişləndirməli və çeşidləndirməlidirlər. Bu istiqamətdə dövlət dəstəyinin daim artırılması vacibdir”.
C.Vəliyev vurğulayıb ki, nəticə olaraq qeyd edilən çıxış yolları və strategiyalarla bərabər Azərbaycan KOB-larının qlobal təlatümlərə qarşı ən güclü qalxanı çeviklik və rəqəmsal adaptasiyadır. Sahibkarlar subyektiv intuisiyaya əsaslanan idarəetmədən rəqəmsallaşmanın sürətlənməsi və məlumatlara əsaslanan qərarvermə modellərinə keçid etməklə qlobal çağırışlar və risklərin yaratdığı təsirləri nəinki azalda bilərlər, üstəlik imkanlara da çevirə bilərlər.