SİYASƏT
“KOLİZE” XOCALI FACİƏSİNDƏN YAZIR
Şərqi Avropa ilə Həmrəylik üzrə Əlaqə Komitəsinin Parisdə fransız dilində nəşr olunan “KOLİZE” bülleteninin 2002-ci ilin mart-aprel nömrəsində “Azad tribuna” rubrikası altında “Azərbaycan: Xocalı faciəsi - XX əsr tarixinin qara səhifələrindən biri” sərlövhəli məqalə dərc edilmişdir. Məqalənin tərcüməsini oxucularımıza təqdim edirik:
“Fransanın erməni soyqırımını tanıması ilə bağlı informasiyanı dərc etdikdən sonra, fikir plüralizmini saxlamaq məqsədi ilə biz Dağlıq Qarabağ münaqişəsi zamanı həyata keçirilmiş zorakılıq aktlarına dair Azərbaycan nümayəndələrinə də söz verməyi qərara aldıq. Ona görə də Fransada təhsil alan Azərbaycan Tələbələri Assosiasiyasının məsuliyyəti ilə onun 26 fevral tarixli mətbuat açıqlamasını dərc edirik: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri rus ordusunun 366-cı alayının dəstəyi ilə 2500 nəfər azərbaycanlı sakini olan Xocalı şəhərinin dinc sakinlərini qırmışlar. Artilleriya və ən müasir silahlarla təmin olunmuş bu silahlı qüvvələr Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən qanlı qırğın törətmişlər. Əsrin ən ağır faciələrindən biri olan Xocalı faciəsi zamanı şəhər tamamilə dağıdılmışdır. Şəhər mühasirəyə alındığından, gecə yarı həyata keçirilən hücum zamanı heç kim qaça bilməmişdir. Nəticədə 613 mülki vətəndaş, o cümlədən 63 uşaq və 106 qadın vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmişdir. 1276 nəfər ahıl, uşaq və qadın əsr götürülmüşdür. Onlar işgəncə, zorakılıq və qeyri-insani hərəkətlərə məruz qalmışlar. 157 nəfər itkin düşmüşdür.
Bu qırğın Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. 250 mindən çox azərbaycanlı Ermənistandakı yurd-yuvalarından zorla qovulmuşdur. Buna Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinin dörddə birini (12 inzibati ərazi) tərk etməyə məcbur olmuş 800.000 azərbaycanlı da əlavə olunmuşdur. Bu qaçqınlar və məcburi köçkünlər indi də çadırlarda dözülməz şəraitdə yaşayırlar”.
X X X
Həmin nömrədə ölkəmizin ictimaiyyəti ilə bağlı “Azərbaycan: Dünya Bankının məmnunluğu” adlı kiçik bir xəbər də dərc olunmuşdur. Xəbərdə deyilir: Dünya Bankı Azərbaycanın qeyri-neft sektorunun inkişafına şərait yaratmaq məqsədi ilə bu ölkəyə 65 milyon yevro məbləğində kredit ayırdığını bəyan etmişdir. Bank bildirir ki, bu kredit son iki il ərzində ölkədə islahatların əhəmiyyətli dərəcədə sürətlənməsi ilə bağlıdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris