KOLUMBİYADA SİÇOVULLAR MİNAAXTARMAĞA KÖMƏK EDİR
Siçovulların təlim olunduğu Kolumbiya Polis Akademiyasının direktoru Xavyer Kifuentes demişdir: “Biz ölkə ərazisini başdan-başa minalayan terrorçulara və partizanlara qarşı əks-qüvvə çıxarmalıyıq”. Qırx il davam edən vətəndaş müharibəsində ölkənin əksər ərazisi ölü zonaya çevrilmişdir. Partizan müharibəsi zamanı Kolumbiya ordusuna qarşı 100 mindən çox mina qoyulmuşdur. Təhlükəli tələlər əkinçiliyi həyat üçün qorxulu peşəyə çevirmişdir. Mina müharibəsi qurbanlarının sayı isə getdikcə artır. Rəsmi hökumət statistikasına görə, keçən il 1070 nəfər minaya düşüb həlak olmuşdur.
Tezliklə Kolumbiyanın cənub-şərqindəki minalanmış çöllərdə güclü iybilmə qabiliyyətli siçovullar trotil axtarışına çıxacaqlar. Onların çəkisi itlərdən çox-çox yüngül, təxminən 200 qramdır. Partladıcılar, əslində, bu çəkiyə reaksiya vermir. Həm də gəmiriciləri itlərdən daha tez öyrətmək olur. Məsələn, axtarıcı itlərin təlimi bir il çəkdiyi halda, siçovullara 4 ay kifayətdir.
Çoxfunksiyalı minaaxtaranlar həddən artıq bahalıdır. Ona görə də Afrikanın bəzi ölkələrində mina axtarışına çox vaxt həyatlarını təhlükə altına qoyan adamlar çıxırlar. Alimlər artıq on illərdir alternativ yollar axtarırlar, ötən əsrin 70-ci illərində hətta tarakanlara da təlim keçirdilər. ABŞ alimləri bu həşəratı əhliləşdirməyə çalışırdılar ki, trotilin iyini duyub, ora-bura vurnuxsun. Lakin anlamaq çətin idi ki, tarakanları qaçmağa qorxu, yoxsa trotil vadar edir.
Mina axtarışında arılar da kömək göstərə bilər. Onlar şirə axtarışına çıxıb, ən xırda hissəcikləri, o cümlədən trotil hissəciklərini toplayırlar. Əgər onlarda trotil izləri tapılmırsa, deməli, əkin sahəsindən istifadə etmək olar. Lakin arılar alimlərin istəklərini nəzərə almayıb, öz marşrutları ilə uçur.