Koronavirus pandemiyası “Laudamotion” aviaşirkətinin mövcudluğuna son qoya bilər
Vyana, 2 may, AZƏRTAC
“Ryanair” aviaşirkətinin icraçı direktoru Maykl O´Liri koronavirus pandemiyası ilə əlaqədar konsernin tərkibində olan “Laudamotion“ aviaşirkətinin bağlana bilməsi ehtimalı barədə danışıb.
AZƏRTAC xəbər verir ki, irlandiyalı aşağı büdcəli aviadaşıyıcı 18 min nəfərlik işçi heyətində ixtisarlar aparmağa hazırlaşır və yaxın vaxtda üç min əməkdaşla vidalaşmalı olacaq. Həmçinin yeni təyyarələrin sifarişi məsələsini yenidən nəzərdən keçirəcək.
M. O´Liri qeyd edib ki, konsernin tərkibində olan Avstriyanın “Laudamotion” aviaşirkətinin işçiləri yeni əmək müqaviləsi və maaşların azaldılması təklifinə razılıq verməsələr, o zaman konsern Avstriyadakı törəmə şirkətini ləğv etməli olacaq. Şəxsi heyətə qərar vermək üçün mayın 20-dək vaxt verildiyini bildirən şirkət rəhbəri əks halda Vyanadakı bazanın bağlanacağı və “Laudamotion” adı altında uçan təyyarələrin “Ryanair” ilə əvəz ediləcəyini deyib.
Qeyd edilməlidir ki, şirkət bu il nəzərdə tutulan 154 milyon sərnişin əvəzinə ən yaxşı halda 100 milyon sərnişin daşıya biləcək. Şirkət böhrandan çıxa bilmək üçün iyul ayından etibarən işçilərin 15 faizini ixtisar etməyi, əməkhaqqını isə 20 faiz aşağı salmağı planlaşdırır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana