REGİONLAR
Koronavirusdan tamamilə yaxa qurtarmaq üçün arxayınçılığa yol verilməməlidir
![Koronavirusdan tamamilə yaxa qurtarmaq üçün arxayınçılığa yol verilməməlidir](/files/2020/2/1200x630/15884026551703426185_1200x630.jpg)
Şabran, 2 may, Elxan Yusifli, AZƏRTAC
Bəşəriyyət tarixi bir çox müharibələrə şahid olub. Bu gün də dünya dövlətləri amansız müharibə ilə üz-üzədir. Bu müharibənin digərlərindən fərqi odur ki, bəşər övladı gözəgörünməz düşmənlə döyüşür. Dünya dövlətləri “COVID-19” adlı xəstəliyə qarşı bir yerdə mübarizə aparır. Pandemiya dünyanın dörd bir tərəfinə sürətlə yayılaraq, artıq bir neçə milyon insanı yoluxdurub. Yüz minlərlə insan bu xəstəliyin qurbanına çevrilsə də, Azərbaycan vaxtında, uzaqgörənliklə atılmış mühüm addımlar sayəsində bu sınaqdan da üzüağ çıxacaq. Tibb işçilərinin, polis əməkdaşlarının, digər əlaqədar təşkilatların qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə, peşəkarcasına yerinə yetirmələri ilə yanaşı, əhali tərəfindən xüsusi karantin, özünütəcrid qaydalarına riayət edilməsi də müsbət dinamikanın yaranmasına başlıca səbəb oldu.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şabran rayonundakı “Xalidoğlu” nəşriyyatının direktoru Çingiz Xalidoğlu söyləyib.
O bildirib ki, Azərbaycanın pandemiya ilə mübarizəsi bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya dövlətlərinə nümunə kimi göstərilir.
“Özünütəcrid və karantin qaydalarının bir qədər gecikmiş tətbiqinin acı nəticələrini ABŞ və Avropa ölkələrinin timsalında görürük. Bununla yanaşı, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması da zəruridir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki tək sanitar-gigiyenik qaydalara ciddi riayət etməli, məsafə qorunmalıdır. Əks halda, pandemiyaya yoluxma halları artar, prosesin ikinci dalğası başlayar ki, bu da öz növbəsində xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri edər. Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizədə əldə edilmiş uğurları qorumaq, bu bəladan tamamilə yaxa qurtarmaq üçün arxayınçılığa yol verilməməli, “Evdə qal” kampaniyası davam etməli, 65 yaşdan yuxarı olan vətəndaşlar bu çağırışa xüsusilə diqqət yetirməli, insanlar arasında profilaktik tədbirlər gücləndirilməlidir. İnanıram ki, bir çox sınaqlardan üzü ağ çıxmış müstəqil Azərbaycan bu dəfə də qələbəni bayram edəcək. Evdə qalaq, sağlam olaq”, - deyə Çingiz Xalidoğlu söyləyib.