K.RAYS: ƏFQANISTANDA SEÇKİLƏR QANUNİ HESAB EDİLƏCƏK
Lakin bir sıra müşahidəçilərin fikrincə, seçkilərin gedişində texniki xarakterli müxtəlif pozuntular olmuşdur ki, bu da bəzi seçicilərə bir neçə dəfə səs verməyə imkan yaratmışdır. K.Raysın sözlərinə görə, belə pozuntular olsa da, onlar seçkilərin qanuniliyini şübhə altına almağa əsas vermir.
Buna baxmayaraq, hər hansı digər halda belə pozuntular seçkilərin nəticələrinin yenidən nəzərdən keçirilməsi üçün əsas olardı. Lakin Əfqanıstanda demokratik seçkilər ilk dəfə keçirilir və onlara hazırlıq bir sıra ciddi çətinliklərlə bağlı idi - əfqan yaraqlıları seçki komissiyalarına və hakimiyyət nümayəndələrinə daim basqın edirlər. Belə halda dünya ictimaiyyətinin, sadəcə olaraq, başqa çıxış yolu yox idi, yəni ya seçkilər baş tutmuş hesab edilməlidir, ya da, əks təqdirdə, yenidən müharibə vəziyyətinə qayıdılmalıdır.
“Alman dalğası” radiostansiyasının verdiyi xəbərə görə, Əfqanıstanda seçki prosesini AFR kansleri Gerhard Şröder də müsbət qiymətləndirmişdir. O, Pakistanın paytaxtı İslamabada səfəri zamanı bəyan etmişdir ki, səsvermənin dinc xarakter daşıması və seçicilərin yüksək fəallığı bu ölkənin gələcəyi barədə nikbinliklə düşünməyə imkan verir. G.Şröder vurğulamışdır ki, Əfqanıstan demokratiyaya doğru uzun yolun hələ başlanğıcındadır.
Rusiya XİN Əfqanıstanda seçkiləri müsbət qiymətləndirir. RF XİN-in rəsmi nümayəndəsi seçkilərin yekunlarını belə şərh etmişdir: “Əfqanıstanda prezident seçkiləri Bonnda əldə olunmuş sazişin mühüm cəhətlərindən biridir və dövlət hakimiyyətinin demokratik prinsiplərə əsaslanan yeni təsisatlarının təşəkkülünə doğru yolda ilk mühüm addımdır”.