Kredit İttifaqları və lizinq şirkətləri üçün təlim keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası Kredit İttifaqları və lizinq şirkətləri üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş mexanizmi və elektron portalının istifadəsi qaydaları üzrə təlim keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən təşkilatların 50 nəfərdən çox nümayəndəsinin iştirak etdiyi təlimdə reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin maliyyə xidmətlərinin istehlakçıları üçün faydası barədə məlumat verilib.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Reyestr vasitəsilə kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi həyata keçiriləcək.
Təlimdə iştirak edən qonaqlar təmsil etdikləri təşkilatlarda reyestrin istifadəsinin tətbiq edilməsi mərhələsində palata ilə sıx əməkdaşlıq edəcəklərini deyiblər.
Qeyd edək ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nə müvafiq olaraq yaradılıb. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu ilə reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilib. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb.