Külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 26 mart, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də ümumi çəkisi 3 kiloqramadək olan müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Teymur Babaşovdan çəkisi 2 kiloqram 20 qram olan heroin aşkarlanıb.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları Aşağı Tala kənd sakini Tural Yunusovu 16,7 qram marixuananı satarkən cinayət başında yaxalayıblar. Onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Narkotiki T.Yunusova satmış həmkəndlisi Samir Atayev saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 337,3 qram marixuana aşkar edilərək götürülüb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hacıyevdən isə 380 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.