MƏDƏNİYYƏT
Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavidə Novruz şənliyi təşkil edilmişdir
Rustavi, 18 mart (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərindəki mədəniyyət evində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbir Rustavi şəhər bələdiyyəsinin təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutmuşdur.
Rustavi şəhər bələdiyyəsinin mütəxəssisi Bəhram İsayev Novruzun xalqımızın tarixində önəmli bayram olduğunu qeyd etmiş, bu gözəl gün münasibətilə iştirakçıları təbrik etmişdir.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Novruz bayramının bölgənin inzibati mərkəzi Rustavi şəhərində qeyd olunmasını təqdirəlayiq hal saymış, 15 minədək azərbaycanlının sakini olduğu bu beynəlmiləl şəhərdə milli-mənəvi dəyərlərimizin belə təntənəli şəkildə nümayiş etdirilməsindən məmnun olduğunu bildirmişdir.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, şair Tapdıq Yolçu və başqaları Novruzun insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə sövq etdiyini, sülhə, əmin-amanlığa çağırdığını vurğulamışlar.
Bayram şənliyi maraqlı konsert proqramı ilə müşayiət olunmuşdur. Rustavi şəhərindəki 18 nömrəli məktəbin Azərbaycan bölməsinin şagirdləri iştirakçıları maraqlı konsert proqramı ilə əyləndirmiş, buradakı gürcü musiqi məktəbinin şagirdləri isə “Cücələrim” rəqsini məharətlə ifa etmişlər.
Novruz şənliyi iştirakçılara xoş ovqat bəxş etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Rustavi