Laçında müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara mediatur təşkil edilib VİDEO
Laçın, 30 iyul, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışı ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması, kiçik sahibkarlığın inkişafı və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif layihələr icra edilir. Laçın rayonunda da bu işlər mərhələli şəkildə davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil olunub. Mediatur işğaldan azad edilmiş ərazilərimizə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb.

Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Qeyd edilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11256 nəfərin məşğulluğu təmin olunub. Onlardan 907-si üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558-i isə peşə hazırlığı kurslarına cəlb edilib.
Media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün yaradılmış avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.
Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri olan Ramin Həsənov üçün yaradılmış dönərxana, həmçinin Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyətinə də baş çəkiblər.
Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin Media və informasiya təminatı şöbəsinin müdiri Əsmər Nəcməddinqızı bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin məşğulluğunun təmin edilməsi prioritet istiqamət olaraq saxlanılır:"İşğaldan azad edilmiş ərazilərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri icra olunur. Bunlar vətəndaşların münasib işlərlə təmin edilməsi, özünüməşğulluq proqramının icrası, peşə hazırlığı kurslarının təşkili, əmək yarmarkaları və digər istiqamətlərdir. Bu gün Laçın rayonunda özünüməşğulluq proqramına cəlb edilən bir qrup sakinin yaratdığı təsərrüfatlara baxış keçirildi. Həm kənd təsərrüfatı, həm də istehsal istiqaməti üzrə öz işlərini qurmuş vətəndaşların təsərrüfatları ilə tanışlıq oldu. Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda 90-a yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib və onlar kənd təsərrüfatı, istehsal istiqamətləri üzrə aktivlərlə təmin olunublar. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən 11 min 200-dən çox şəxsin məşğulluğu təmin edilib. Onlardan 8300-dən çoxu münasib işlərlə təmin olunub, 900-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib, 500-dən çox şəxs isə peşə hazırlığı kurslarına cəlb olunub. Bu istiqamətlər üzrə həm Laçında, həm də digər azad edilən ərazilərdə Böyük Qayıdış Proqramına uyğun olaraq bu yerlərə köçürülən vətəndaşların məşğulluq imkanlarının qiymətləndirilməsi və onların məşğulluq tədbirlərinə cəlbi davam etdirilir".

Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təsərrüfatını yaradan Laçın sakini Ramin Həsənov deyib ki, qısa müddətdə fəaliyyətini genişləndirib. "Allah şəhidlərimizə rəhmət etsin, Ali Baş Komandanımızı Allah qorusun. Bizə belə şərait yaradılıb, Vətənimizə, doğma torpağımıza qayıtmışıq. Burada yaşamaq, çalışmaq və işləmək bizim üçün qürurvericidir. Həmçinin aidiyyəti qurumlara da təşəkkür edirəm. Biz buraya qayıtdıqdan sonra məşğulluğumuz da təmin edilib. Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və mənə zərflər təqdim olundu. Seçdiyim zərfə uyğun olaraq dönər aparatı, soyuducu, toster, stol, stul və digər avadanlıqlarla təmin edildim. İlk vaxtlar mən və bir işçi ilə fəaliyyətə başladıq. İndi isə təsərrüfatımız genişlənib, artıq 9 nəfərdən ibarət personalımız var. Laçın sakinlərinə, həmçinin buraya gələn qonaqlara xidmət etmək bizim üçün qürurvericidir".

Şahin İsgəndərov isə müraciətinə uyğun olaraq arıçılıq təsərrüfatı yaratdığını diqqətə çatdırıb: “Dövlətimizin yaratdığı imkanlar sayəsində bu arzum gerçəkləşdi. Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına müraciət etdim və arıçılıq təsərrüfatı yaratmaq üçün lazımi avadanlıq və arı ailələri ilə təmin olundum. Bu gün artıq öz təsərrüfatımı qurmuşam və işimi uğurla davam etdirirəm. Dövlətimiz sağ olsun, lazımi dəstək göstərildi. Arıçılıq təsərrüfatımı yaratdım və genişləndirməyi planlaşdırıram. Əvvəl 20 arı ailəsi verilmişdi, hazırda isə 50-dən çox arı ailəm var. Bu ilimiz çox yaxşı oldu, bol məhsul götürmüşük. Təsərrüfatı genişləndirmək üçün burada yaxşı şərait var. Laçının zəngin təbiəti var. Bu yerlər akasiya, qaratikan və təbii çiçəklərlə zəngindir, arılar da yaxşı işləyir. Mövsümün əvvəlində arılar söyüd ağaclarından da nektar toplayır. Laçının zəngin təbiəti və bitki örtüyü arıçılıq üçün çox əlverişlidir. Gələcəkdə təsərrüfatımı daha da genişləndirməyi planlaşdırıram".

Azər Qarayev isə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Laçında avtotəmizləmə xidməti yaradıb."Özünüməşğulluq proqramı çərçivəsində fəaliyyətim üçün lazımi avadanlıqlarla təmin olundum. Bu gün həm ailəmin dolanışığını təmin edirəm, həm də rayon sakinlərinə və Laçına gələn qonaqlara keyfiyyətli xidmət göstərirəm. Doğma yurdumuzda işləmək, halal zəhmətlə qazanc əldə etmək bizim üçün böyük qürurdur. İşlərimiz genişləndikcə gələcəkdə yeni iş yerləri yaratmağı da düşünürəm", - deyə o diqqətə çatdırıb.
Müxbir - Aydın Yavərzadə