Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzindən REPORTAJ FOTO
Laçın, 14 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Laçının Zerti kəndində yerləşən Heyvandarlıq Seleksiya Mərkəzində xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün müxtəlif cinsli keçi və qoyunlar saxlanılır. Hazırda adaptasiya dövründə olan heyvanlardan gələcəkdə ətlik-südlük və yun çıxımı daha yüksək olan cinslərin əldə edilməsi planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zerti kəndindəki aqrosənaye parkında fəaliyyətə başlayan müəssisələrdən biri Heyvandarlıq Seleksiya Mərkəzidir. Mərkəzdə hər biri 240 kvadratmetr olan 5 ədəd saxlanc yeri var. Mərkəzin sahə nəzarətçisi əslən Laçından olan Əli Cəmilzadədir. Deyir ki, illərdir həsrətində olduğumuz Laçına qovuşmaq və burada çalışmaq bir vaxtlar arzu və xəyal kimi görünürdü. Lakin indi bütün istəkləri gerçəyə çevrilib.
Mərkəzin fəaliyyəti barədə danışan Əli bildirir ki, hazırda burada 15 nəfər işləyir, çoxu da Laçın sakinidir: “Mərkəzin əsas fəaliyyəti müxtəlif cins xırdabuynuzlu heyvanların burada seleksiyasını təşkil etməkdir. Hazırda mərkəzdə 5 cins olmaqla, 31 baş keçi saxlanılır. Əsasən xarici cinslərdən ibarət Şamhələb, Honanlı, Alpin, Klis və Saanen keçilər bəslənilir. Bunlardan Saanen keçiləri südlük, digərləri isə ətlik və bala artımı daha yüksək olan cinslərdir. Həmçinin mərkəzdə 15 cins olmaqla, 70-dən çox qoyun da saxlanılır ki, onlar arasında türk cinslərindən olan və iplik üçün nəzərdə tutulan Merinos cinsi, ətlik və südlük üçün isə Romanov, Akkaraman, Sakız, Asab İvesi kimi məhsuldar cinslər yer alır. Yaxın gələcəkdə seleksiya hesabına burada məhsuldar cinslərin çoxaldılmasını nəzərdə tutmuşuq”
Mərkəzdə işləyən Tural Heydərov da Laçından, Mişni kəndindəndir. Deyir ki, Laçında yaşamaq və burada işləmək onun üçün ən gözəl hədiyyədir. “31 il həsrətində olduğumuz Laçında işləməyimlə qürur duyuram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz və hərbçilərimizin canı sağ olsun. Onların sayəsində biz bu torpaqlara qovuşduq. Valiyenlərimiz hər zaman bizlərə Laçın haqqında danışardı, amma indi bir vaxtlar xəyallarını qurduğumuz Laçınımızdayıq. 6 aydır Zerti kəndində yerləşən mərkəzdə çalışıram. Mərkəz tam müasir standartlara uyğun inşa olunub, hazırda burada bəslədiyimiz heyvanlar adaptasiya dövründədir. Yaxın gələcəkdə burada daha məhsuldar heyvanlar yetişəcək ki, bu da Laçında xırdabuynuzlu heyvandarlığın inkişafına müsbət təsir edəcək”, - deyə o əlavə edib.