CƏMİYYƏT
Laçınlı ağsaqqallar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində fəal rol oynayırlar
Ağcabədi, 8 fevral (AZƏRTAC). Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində Respublika Ağsaqqallar Şurası Laçın rayon təşkilatının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon təşkilatının üzvləri və ictimaiyyətin nümayəndələri əvvəlcə Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin büstünü və “Şəhidlər” xatirə kompleksini ziyarət edərək önünə gül dəstələri qoymuş, ümummilli liderin adını daşıyan parkda ağac əkmişlər.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən konfransda Respublika Ağsaqqallar Şurası Laçın rayon təşkilatının sədri Ağayar İsmayılovun qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, rayon əhalisinin 5086 nəfərini yaşı 65-dən çox olan sakinlər təşkil edir. Yaşlı nəslin nümayəndələri məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə mütəmadi görüşlər keçirmiş, rayonda təşkil olunmuş tədbirlərdə yaxından iştirak etmiş, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda geniş söhbətlər aparmış, hərbi hissələrdə əsgərlər qarşısında çıxışlar etmişlər.
Hesabat dövründə rayonun yaşlı sakinlərindən 14 nəfəri dövlətimizin başçısı tərəfindən yüksək fəxri adlara və medallara layiq görülmüş, 9 nəfərə minik avtomobili verilmişdir.
Konfransda çıxış edən ağsaqqallar laçınlı məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərə, yaşlı sakinlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda təşkilati məsələyə də baxılmış, rayon təşkilatının sədri, təftiş komissiyasının və idarə heyətinin yeni üzvləri, Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndələr seçilmişdir.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ağsaqqala rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.