MƏDƏNİYYƏT
Latviyanı “Eurovision-2012” müsabiqəsində təmsil etmək üçün son mahnı seçimi aparılır
Bakı, 9 yanvar (AZƏRTAC). Latviya Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi üçün növbəti mahnı seçimini başa çatdırmışdır.
AZƏRTAC müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, ilk yarımfinal mərhələsində 5 musiqinin adı bəlli olmuşdur. Yanvarın 14-də keçiriləcək növbəti yarımfinal mərhələsində daha 5 mahnının adı açıqlanacaqdır.
Fevralın 18-də ölkənin müsabiqə üzrə milli yayımçı “LTV” telekanalının canlı efirində keçiriləcək “Eirodziesma” müsabiqəsinin final mərhələsində qalib olacaq mahnı münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi nəticəsində müəyyənləşəcəkdir.
Milli seçimin final mərhələsində qalib gələcək ifaçı Latviyanı Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində təmsil edəcəkdir.
Latviya Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində “Musiq” qrupunun “Cildini dəyişmiş mələk” mahnısı ilə təmsil olunmuşdur.