Lənkəran Dövlət Dram Teatrının səhnəsində yeni monotamaşa - “Mən toz dənəsiyəm”
Bakı, 6 may, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının səhnəsində yazıçı Təranə Vahdin "Mən toz dənəsiyəm" adlı hekayəsi əsasında monotamaşa hazırlanır.
AZƏRTAC xəbər verir ki, monotamaşa insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə "köçürülmə" prosesini özündə əks etdirir.
Monotamaşa yaşadığı sıxıntılardan, düşdüyü “hörümçək toru”ndan xilas olmaq üçün toza çevrilmiş insanın çırpıntılarını, başına gələnləri, prosesin mahiyyətini, psixoloji anları sürrealist baxış bucağından, fərqli sənət pəncərəsindən tamaşaçılara təqdim edəcək.
Monotamaşanın quruluşçu rejissoru Emil Əskərov, Toz dənəsi obrazını səhnədə canlandıracaq aktrisa Aynur Əhmədovadır.
Hazırda monotamaşanın stolarxası məşqləri gedir və may ayının sonlarında monotamaşanın premyerası gözlənilir.