LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Təhsil Nazirliyi, LDU və Milli Elmlər Akademiyası Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi tədbirdə cənub bölgəsi ictimaiyyətinin nümayəndələri, o cümlədən ziyalılar, elm xadimləri, təhsil işçiləri iştirak etmişlər.
Universitetin rektoru, professor Asəf İsgəndərov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, bütün ömrünü elmi, bədii və pedaqoji yaradıcılıq fəaliyyətinə həsr etmiş Mir Cəlal Paşayevin 100 illik yubileyinin YUNESKO-nun qərarı ilə beynəlxal aləmdə, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə geniş qeyd edilməsini onun ədəbi irsinə göstərilən hörmət və qayğının nəticəsi kimi qiymətləndirmişdir.
Konfransda Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, professor Məhərrəm Qasımlı «Görkəmli alim, nasir və pedaqoq Mir Cəlal Paşayev» mövzusunda məruzə etmişdir.
Məruzə ətrafında müzakirələrdə Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musayeva, Lənkəran Dövlət Universitetinin müəllimləri Mirhaşım Talışlı, Yədulla Ağazadə, Kamran Kazımov, Mirhüseyn Abbas, Mili Aviasiya Akademiyasının professoru İbrahim Quliyev və başqaları çıxış edərək, Mir Cəlal Paşayevin milli ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışmış, bədii və elmi əsərlərinin ölkəmizdə və onun hüdudlarından kənarda sevilə-sevilə oxunduğunu, ədəbi irsinin xalqımızın milli-mənəvi, təfəkkür və intellekt ənənələrinin inkişafına xidmət etdiyini vurğulamışlar.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.