LƏNKƏRAN HAVA LİMANI BEYNƏLXALQ STANDARTLARA CAVAB VERƏCƏK
Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran hava limanında aparılan tikinti işləri ilə tanış olmuşdur. Buraya toplaşan inşaatçılar dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar.
Prezidentə yeni hava limanının layihəsi və görülən işlər barədə məlumat verildi. Bildirildi ki, 40 hektardan çox ərazidə yerləşən hava limanı beynəlxalq statusa malik olacaq, müasir tipli avadanlıq və texnika ilə təmin ediləcəkdir. Uçuş-enmə zolağı 3,3 min metr, yəni Bakı və digər şəhərlərdəkinə uyğun olacaqdır. Gələn ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulan hava limanı hər cür yük təyyarələrini qəbul edəcəkdir.
Azərbaycan Prezidenti hava limanında tikinti işlərini həyata keçirən Türkiyənin “Zema” şirkətinin işçiləri ilə görüşdü, ölkəmizdə yüksək standartlara uyğun beynəlxalq hava limanlarının tikilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı tikinti işlərinin sürətlə aparılması və vaxtında başa çatdırılması üçün lazımi tövsiyə və tapşırıqlarını verdi.