Lənkəranda 1600 tibb işçisindən 1445-i koronavirus infeksiyasına qarşı peyvənd olunub
Lənkəran, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanasında əvvəlcə tibb işçiləri peyvənd olunurlar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Taleh Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon mərkəzi xəstəxanasında təhlükəli virusa qarşı mübarizə məqsədilə qeydiyyat, 5 peyvənd, 2 həkim, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. Xəstəxanada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Rayonda peyvəndləmə işlərinə 30-a yaxın həkim və tibb işçisi cəlb olunub. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə onlayn qeydiyyatdan keçdikdən və həkimlər tərəfindən müayinə edildikdən sonra peyvənd olunurlar. Peyvənd olunan şəxs 20-30 dəqiqə ərzində post vaksinasiya otağında qaldıqdan sonra hər hansı fəsad verməsə, evə buraxılır. İndiyədək rayonda çalışan 1600 tibb işçisindən 1445 nəfəri peyvənd olunub. Peyvənd olunanlara vaksinin ikinci dozası 21 gün sonra vurulacaq.