LƏNKƏRANDA MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrında görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mir Cəlal Paşayev haqqında çəkilmiş sənədli filmə baxışla başlayan konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, bütün ömrünü bədii, elmi və pedaqoji yaradıcılıq fəaliyyətinə həsr etmiş alim-ədibin 100 illik yubileyinin YUNESKO-nun qərarı ilə və Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Teymur Kərimovun «Mir Cəlal Paşayev klassik irsin tədqiqatçısı kimi» mövzusunda məruzəsi dinlənilmişdir.
Toplantıda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçiləri - filologiya elmləri doktorları Nazif Qəhrəmanov və Rahim Əliyev, Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədri İltifat Saleh, Lənkəran Dövlət Universitetinin müəllimi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı və başqaları Azərbaycan klassik ədəbi irsinin, xüsusən Füzuli sənətkarlığının araşdırılması, ədəbiyyatşünaslığın əsaslarının və ədəbi məktəblərin öyrənilməsi sahəsində Mir Cəlal Paşayevin fəaliyyətini yüksək qiymətləndirmiş, böyük yazıçı ilə görüşlərdən və onunla bağlı xatirələrdən danışmışlar.