Lənkəranda müasir suvarma sistemləri üzrə üçgünlük təlim başlayıb
Lənkəran, 29 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonunda "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda 3 günlük interaktiv təlim proqramına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim proqramı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi üzrə prioritet istiqamətlərə uyğun olaraq təşkil olunub.
Proqram çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə təqdimatlar keçirilib. Beynəlxalq ekspert Dr.Abdullah İlker Esin və sahə üzrə mütəxəssis Akif Quliyev müasir suvarma texnologiyalarına dair təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı ənənəvi və müasir suvarma üsullarının müqayisəsi, müasir suvarma sistemlərinin üstünlükləri, damcı və yağmurlama kimi intensiv suvarma texnologiyalarının tətbiqi, su itkilərinin əsas səbəbləri və onların azaldılması yolları, suvarmaya təsir göstərən iqlim, torpaq və bitki amilləri, eləcə də müasir suvarma sistemlərinin düzgün layihələndirilməsi və planlaşdırılması prinsipləri ətraflı izah olunub. İştirakçılar mövzular üzrə praktiki nümunələr və beynəlxalq təcrübə ilə tanış olublar, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın üçüncü günü isə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən nümunəvi təsərrüfatda praktiki məşğələ keçiriləcək. İştirakçılar burada müasir suvarma sistemlərinin tətbiqini praktik olaraq öyrənmək və onların iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Müxbir- İlkin Adıyev