ELM VƏ TƏHSİL
Lənkəranda “Mülkiyyət hüquqlarına dair bələdçi” kitabının təqdimatı olmuşdur
Lənkəran, 3 dekabr (AZƏRTAC). Lənkəran rayonunda fəaliyyət göstərən “Hüququ Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Cənub bölgəsində insan hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində nəşr edilən “Mülkiyyət hüquqlarına dair bələdçi” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyd edilmişdir ki, kitab 4 fəsildən ibarətdir.
Yeni nəşrdə mülkiyyət hüquqlarının qorunması, mülkiyyət hüquqlarının əldə edilməsi, özgəninkiləşdirilməsi və s. vacib məsələlər əksini tapmışdır. Kitabda həmçinin, mülkiyyət hüquqlarının qanunvericilikdə təsbit olunmuş geniş şərhi verilmişdir.
Yeni kitab mülkiyyət hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər, hüquq müdafiəçiləri, media işçiləri, ədliyyə, polis və prokurorluq əməkdaşları, vəkillər, tələbələr, ali və orta məktəb müəllimləri, QHT nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Tədbirin sonunda kitabın müəllifi, hüquqşünas İlqar Qasımov iştirakçıların suallarını cavablandırmışdır.