CƏMİYYƏT
Ankarada türk ölkələrinin vəkillər birliklərinin əməkdaşlıq yolları müzakirə edilib
Ankara, 23 may, AZƏRTAC
Mayın 23-də Ankarada Türkiyə Vəkillər Kollegiyasının təşkil etdiyi tədbirdə türk ölkələrinin vəkilləri arasında əməkdaşlığın qurulması yolları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarını salamlayan Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan qanunun aliliyinin təmin edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə verən hüquq sahəsində sıx dialoqun əhəmiyyətini qeyd edib.
E.Sağkan xatırladıb ki, türk ölkələrinin vəkillik fəaliyyəti sahəsində addımlarının əlaqələndirilməsi üzrə ilk platforma 2016-cı ildə yaradılıb. Onun sözlərinə görə, türk dövlətlərinin vəkilləri arasında əməkdaşlıq üzrə layihə və proqramların həyata keçirilməsi baxımından bu qurumun səyləri yetərli olmayıb və Ankarada Türk dünyası vəkillər kollegiyalarının iclasının keçirilməsi qərara alınıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və qeyd edib ki, türk ölkələrinin vəkillərinin toplantısında ilk dəfə Türkmənistan nümayəndələri də iştirak edirlər.
“Ölkələrimizin maraqları naminə, o cümlədən vəkillik fəaliyyəti sahəsində hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi vacibdir”, - deyə o bildirib və əlavə edib ki, Azərbaycan türk dövlətlərinin, xüsusən də Türkiyənin ölkənin beynəlxalq arenada yeganə dayağı olduğunun dəfələrlə şahidi olub.
O, türk ölkələrinin möhkəmlənməsinə və birləşməsinə çağırıb və qeyd edib: “Ölkələrimiz həm sevincdə, həm də kədərdə bir yerdə olmalıdır”.
Anar Bağırov türk dövlətlərinin vəkillərinin əməkdaşlığı üzrə yeni təşkilatın yaradılmasına ümidvar olduğunu bildirib və bütün türk ölkələrinin vəkillərini bu təşəbbüsü dəstəkləməyə çağırıb.
ARVK sədri, həmçinin türk dövlətlərindən olan həmkarlarını Bakıda keçiriləcək COP29 konfransında iştirak etməyə dəvət edib.
Qeyd edək ki, tədbirlər proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan vəkillər Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və Ali Məhkəmənin sədri Ömer Kerkez tərəfindən qəbul ediləcək.
Bundan başqa, Türkiyə Konstitusiya məhkəməsində görüşlər keçiriləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara