ELM VƏ TƏHSİL
“Mən gözəl bir məktəbə qonaq gəlmişəm” - professor Musa Qasımlı
Bakı, 23 may, AZƏRTAC
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini professor Musa Qasımlı “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 13 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin ən vacib məqamlarını şərh edib. Professor Şərqdə ilk demokratik respublika yaratmağın o dövr üçün nə dərəcədə çətin olduğu, bu yolda mübarizəyə qoşulan insanların əzmkarlığından danışıb. Qonaq müstəqil, demokratik respublikanı yaradanların həyata keçirməyə başladıqları islahatlardan, xüsusilə təhsil sahəsində atılan əhəmiyyətli addımlardan söz açıb.
Musa Qasımlı özünün məktəb, tələbəlik illəri ilə müqayisədə bu gün məktəbin, müəllimin nüfuzu, bu müqəddəs dəyərlərin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr, məktəb-icma münasibətlərinin düzgün tənzimlənməsinin təhsilin keyfiyyətinə göstərdiyi təsirlərdən danışıb. O, ailə, cəmiyyət, ümumilikdə ölkə üçün faydalı, layiqli vətəndaş kimi yetişmələri üçün yeniyetmə və gənclərin üzərinə düşən vəzifələrdən söz açaraq şagirdlərə tövsiyələrini verib, onları düşündürən sualları cavablandırıb.
Şagirdlərin intellektual təfəkküründən və müzakirələrdə fəal iştirakından məmnunluğunu bildirən Musa Qasımlı “Mən gözəl bir məktəbə qonaq gəlmişəm” sözləri ilə fikirlərini ifadə edib.
Daha sonra Musa Qasımlı müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.
Görüş zamanı qonağın rəsmini çəkən şagirdlərə dostluq şarjına görə təşəkkürünü bildirən Musa Qasımlı məktəbdən xoş təəssüratla ayrılıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.