SİYASƏT
Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH
![Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH](/files/2024/2/1200x630/17164702661122724935_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Fərqli qütblərində yerləşən ölkələri təmsil edən rəsmi şəxslərin Azərbaycana səfərlərinin intensivləşdiyi müşahidə olunur. Bu fonda ətraf regionlarda mövcud olan dövlətlərlə təmasların sıxlaşması da diqqət çəkir. Aydın şəkildə görünür ki, dövlətimizin müəllif və ya iştirakçı olduğu beynəlxalq layihələr səmərə verməyə başlayıb. Bu layihələrə qoşulmaq, perspektivdə faydalanmaq istəyi ətrafda yerləşən ölkələri sövq edir ki, Azərbaycanla münasibətləri daha da istiləşdirsinlər. Dövlətimizin strateji mövqeyi, etibarlı tərəfdaş imici, uğurlu siyasəti və bacarıqları onu hər kəs üçün cəlbedici amilə çevirib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfərini də bu kontekstdə dəyərləndirmək mümkündür.
Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, Tacikistanla münasibətlərin yüksələn xətlə inkişaf etməsi Azərbaycanın da marağındadır. İki dövlət beynəlxalq platformalarda əməkdaşlıq edirlər. 2018-ci ildə iki ölkənin rəhbərləri tərəfindən imzalanmış bəyannamə bu mənada yaxşı nümunədir. Həmin bəyannamədə Tacikistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təkrarən qeyd edib. Həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğal altında saxlanılmasına göz yumduğu üçün ATƏT-i, Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını qınayıb. Qarşılıqlı dəstəyə əsaslanan bu kimi fəaliyyətlər hər iki ölkə üçün əhəmiyyətli olub.
“Azərbaycan-Tacikstan münasibətləri regional əməkdaşlıq müstəvisində də faydalıdır. İki ölkənin dostluq münasibəti Asiya ilə Avropanı birləşdirən kommunikasıya layihələrinin reallaşdırılmasına töhfələr verir. Tacikistan Prezidenti Azərbaycan ərazisindən keçməklə Avropaya çıxacaq, Mərkəzi Asiya və o cümlədən Tacikistan üçün yeni imkanlar yaradacaq nəqliyyat marşrutları barədə müsbət fikirlər səsləndirməklə, ölkəmizə dəstək verib. Paralel olaraq, Azərbaycanı Qafqaz regionunda Tacikistanın mühüm tərəfdaşı adlandırıb.
Bu və digər faktlar onu deməyə əsas yaradır ki, Azərbaycan-Tacikistan münasibətləri təkcə tarixi əlaqələrə, dini-mənəvi faktorla deyil, həm də siyasi-iqtisadi kontekstdə qarşılıqlı faydalılığa əsaslanır”, - deyə media eksperti vurğulayıb.