MƏDƏNİYYƏT
AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17164899681166527997_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164899685216911452_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164899682974635883_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164899683215838827_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, roman Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri “Hədəf” şirkətlər qrupunun və Azərbaycan Ədəbiyyat Fondunun rəhbərləri Şəmil Sadiq və Varisdir.
Təqdimat mərasimini açıq elan edən Ədəbiyyat Fondunun direktoru Varis Yolçiyev romanın amalı, məğzi və mövzusuna aydınlıq gətirib. Direktor tarixi dramların yenidən aktuallaşdığını qeyd edib. Bildirib ki, bu əsər bədii ədəbiyyat ilə mistikanın birləşməsindən əmələ gələn yeni cığırdır.
Təqdimatda, həmçinin Xalq yazıçısı Anar, yazıçı Yunus Oğuz, akademik Nizami Cəfərov, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, şair İbrahim İlyaslı, AYB-nin katibi Elçin Hüseynbəyli, şair Əkbər Qoşalı, Xalq artisti Vaqif Mustafayev və kitabın redaktoru Cavid Qədir iştirak ediblər.
Romanda əsrlər əvvəl vəfat etmiş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi şəxsin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdikləri günahların cəzasını çəkirlər.