LƏNKƏRANDA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Şəhər icra hakimiyyəti, Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran Regional Elm Mərkəzinin təşkil etdiyi tədbirdə böyük öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Heydər Əliyevin həyat va fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransda ümummilli liderimizin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışmış, Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində ölkəmizin bu gün dünyanın aparıcı dövlətləri cərgəsində özünə layiqli yer tutduğunu vurğulamış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində Lənkəranda aparılan quruculuq işlərindən söhbət açmışdır.
LDU-nun rektoru, professor Asəf İsgəndərov, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin dekanı, professor Rizvan Paşayev, LDU-nun kafedra müdiri professor Fərman Quliyev konfransda məruzə ilə çıxış etmişlər. Onlar müstəqil Azərbaycanın iqtisadi inkişafını, ölkəmizin beynəlxalq nüfuzunun artmasını Heydər Əliyev siyasi kursunun Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilməsinin parlaq təzahürü kimi qiymətləndirmiş, respublikamızda elmin və təhsilin, aqrar sektorun inkişafında böyük öndərin xidmətlərindən danışmış, bölgənin təbii ehtiyatlarından səmərəli istifadə edilməsi perspektivləri və iqtisadi inkişafı ilə bağlı təkliflərini bildirmişlər.
Yekunda Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.