Lənkəranla tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub
Lənkəran, 27 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Sumqayıt, Naftalan və Mingəçevir şəhərlərinin, Xızı, Laçın, Qubadlı, Şabran, Siyəzən rayonlarının məktəbliləri və onların müəllimləri martın 27-də Lənkəranla tanışlığı davam etdiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyanın iştirakçıları əvvəlcə Hirkan Milli Parkına səyahət ediblər. Məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir və unikal milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.
Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın “Qırmızı kitab”ına düşən ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur.
Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər “Xanbulan” İstirahət Mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizini respublikada istehsal olunan çay məhsulu ödəyib.
Qeyd olunub ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır. 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır.
Günün ikinci yarısında məktəblilər Lənkəran şəhərinin tarixi abidələri və görməli yerlərinə səyahət ediblər.
Lənkəran şəhərindəki “Qoşa Qala” qapıları, “Dairəvi Qala”, “Mayak” binası, Azərbaycanlıların soyqırımı abidəsi və rayon tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
Tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Lənkəranla tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.
Martın 28-də tur-aksiya iştirakçıları Masallı və Astara rayonlarına səyahət edəcəklər.