“Leon” komandası “Akademiya kuboku” turnirinin qalibi olub
Bakı, 5 mart, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında keçirilən “Akademiya kuboku” turnirinə yekun vurlub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, sonuncu - VII turun oyunlarından sonra mükafatçılar müəyyənləşib. Turniri üçüncü pillədə başa vuran EFA (Bakı) komandası bürünc medallara sahib olub. “Ordu” komandası turniri ikinci sırada başa vurub. Son turda vacib qələbə qazanan “Leon” komandası “Akademiya kuboku” turnirinin qalibi adını qazanıb.
Sonuncu turun oyunlarından sonra mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən bütün komandaların üzvlərinə AFFA-nın diplomları təqdim edilib. Həmçinin turniri ilk 3 pillədə başa vuran komandalara müvafiq olaraq, bürünc, gümüş və qızıl medallar, diplomlar verilib. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essien və Andrey Arşavin təqdim ediblər.
Turnirin ən yaxşı oyunçusu adına “Ordu” komandasının üzvü Rasim Cavadov, ən yaxşı qapıçısı adına “Gilavar” komandasının üzvü İlyas Babayev layiq görülüblər. “Leon” komandasının üzvü Raul Hüseynov isə 14 qolla turnirin ən məhsuldar oyunçusu olub.