Liviya ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Liviyadakı səfirliyi bu ölkənin ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlandırılması ilə bağlı bır sıra tədbirlər həyata keçirir.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı bəyanatının ərəb və ingilis dillərində mətni Liviyadakı səfirlik tərəfindən bu ölkənin aidiyyəti qurumlarına çatdırılması məqsədilə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə göndərilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, həmin bəyanat Liviyada akkreditə olunmuş diplomatik nümayəndəliklərə, İnsan Hüquqları Fonduna, Vətəndaş Azadlıqları və İnsan Hüquqları üzrə Milli Şuraya, Liviya Arxiv və Tarixi Araşdırmalar Mərkəzinə və Tripoli Strateji Araşdırmalar Mərkəzinə, aparıcı kütləvi informasiya vasitələrinə də göndərilmişdir.
Səfirlik tərəfindən ərəb və ingilis dillərində Xocalı soyqırımı ilə bağlı hazırlanmış press-relizlər Liviya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə və ölkədəki diplomatik nümayəndəliklərə göndərilmişdir.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciətinin ərəb dilində mətni ölkənin aidiyyəti qurumlarına çatdırılması məqsədilə Liviya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə təqdim edilmişdir.
Eyni zamanda, Liviyanın aparıcı kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı məlumatların geniş yayılması təmin edilmişdir. Səfirliyin media nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərin nəticəsi olaraq Tadamun İnformasiya Agentliyinin saytında və “Libya əl-Əxbariyyə” qəzetində “Azərbaycan Respublikası Xocalı soyqırımının 22-ci ildönümünü qeyd edir”, “Fevral” qəzetinin 26 fevral tarixli nömrəsində “Xocalı soyqırımının 22-ci ildönümü” sərlövhəli məqalələr dərc olunmuşdur.
Həmçinin fevralın 20-25-də “Libya əl-Rəsmiyyə” dövlət televiziya kanalında ərəb dilində “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmişdir.