SİYASƏT
LONDONDA KEÇİRİLƏN TOPLANTIDA AZƏRBAYCANIN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ ROLUNDAN DANIŞILMIŞDIR
London, 5 mart (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, martın 4-də Londonda nəşr edilən məşhur “Diplomat” jurnalı və “London Gənc Diplomatlar Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən diplomatik toplantıda səfir Fəxrəddin Qurbanov “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” mövzusunda məruzə etmişdir.
Tədbirdə Londonda akkreditə olunanan bir sıra səfirliklərin işçiləri, “Diplomat” jurnalının əməkdaşları və mövzu ilə maraqlanan mütəxəssislər iştirak etmişlər.
Məruzədə Azərbaycanda neft və qaz sənayesinin tarixindən danışılmış, ölkəmizin XX əsrin əvvəllərində dünyanın neft mərkəzlərindən birinə çevrildiyi vurğulanmışdır. Bununla yanaşı, Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra 90-cı illərdə yeni neft strategiyasının əsasının qoyulduğu və nəticədə irimiqyaslı regional enerji layihələrinin həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Neft və qaz satışından əldə edilən gəlirlərin idarə olunmasında Dövlət Neft Fondunun fəalyyətini vurğulayan səfir, bu sahədə görülən şəffaf və səmərəli işlərdən danışmış, eləcə də ölkəmizin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olduğunu nəzərə çatdırmışdır.
Səfir Avropanın enerji təhlükəsizliyində və nəql marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolundan söhbət açmış və enerji bazarlarında ölkəmizin çəkisinin artdığını vurğulamışdır.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılmışdır.