İQTİSADİYYAT
Macarıstanın “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti Azərbaycanda su layihələrində iştirak etməkdə maraqlıdır
![Macarıstanın “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti Azərbaycanda su layihələrində iştirak etməkdə maraqlıdır](/files/2013/1/1200x630/14071446033929231661_1200x630.jpg)
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Macarıstanın “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti (Waterworks of Budapest Plc.) arasında əməkdaşlığa dair saziş imzalanmışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır. Q.Hüseynov su sistemlərinin dünya standartları səviyyəsində qurulması məqsədi ilə layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və kanalizasiya infrastrukturlarının müasir metodlarla idarəedilməsinə üstünlük verildiyini qeyd etmişdir. Bildirilmişdir ki, əməkdaşlıq çərçivəsində bir müddət əvvəl “Azərsu” ASC-nin mütəxəssisləri Macarıstana ezam edilmiş və “Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
“Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd etmiş, içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirmişdir. O demişdir ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanaraq əməkdaşlığın geniş perspektivləri olduğunu demək mümkündür. Bizim idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi sahəsində böyük təcrübəmiz vardır.
Sonra əməkdaşlığa dair saziş imzalanmışdır.