ELM VƏ TƏHSİL
Macarıstanlı alimlər Dendrologiya İnstitutunun laboratoriyaları ilə tanış olublar
Bakı, 25 oktyabr, AZƏRTAC
Macarıstan Beynəlxalq Dendroloji Fondunun alimləri Dendrologiya İnstitutunda olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Dendrologiya Bağı Publik Hüquqi şəxsin idarə heyətinin sədr müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Macarıstan Beynəlxalq Dendroloji Fondunun təsisçisi və tədqiqat rəhbəri Debreczy Zsolt və fondun nümayəndəsi İstvan Raczla görüşüblər.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, alimlər qonaqlara müəssisədə aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər barədə ətraflı məlumat veriblər.
Görüşdə iki ölkənin elmi müəssisələri arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra macarıstanlı alimlər institutun laboratoriyaları ilə tanış olublar. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada aparılan elmi-tədqiqat işləri barədə qonaqlara məlumat verilib.