Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir
Tbilisi, 8 iyun, AZƏRTAC
Gürcüstan, Türkiyə və Azərbaycan illərdir bərabərliyə, qarşılıqlı hörmətə və ortaq maraqların nəzərə alınmasına əsaslanan uğurlu regional əməkdaşlığın ən yaxşı nümunəsi olub.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Türkiyənin İstanbul şəhərində keçirilən birgə brifinqdə bildirib.
O deyib ki, üç ölkə arasında tərəfdaşlığın uğuru təkcə Gürcüstan, Türkiyə və Azərbaycan üçün deyil, həm də bütün region üçün vacib olan çoxsaylı infrastruktur, enerji və nəqliyyat layihələri ilə təsdiqlənir.
"Bu gün həmkarlarımla birlikdə regionda və dünyada gedən prosesləri, mövcud çətinlikləri, əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsi perspektivlərini müzakirə etdik. Biz əməkdaşlığımızın əsas istiqamətlərini əks etdirən birgə bəyannamə imzaladıq. Gürcüstanı Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq bağlayır. Münasibətlərimiz mehriban qonşuluq və etimada əsaslanır", - deyə o vurğulayıb.
Boçorişvili diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır: “Əməkdaşlığımız siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə, mədəni, texnoloji və digər mühüm sahələri əhatə edir”.