“MALİBU”, “PALMA” VƏ “ATLANT” İSTİRAHƏT MƏRKƏZLƏRİ ÖLKƏMİZDƏ TURİZMİN İNKİŞAFININ GÖSTƏRİCİSİDİR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də turizmin inkişafı və istirahət üçün nadir təbiəti olan Nabran qəsəbəsində tikilmiş “Malibu”, “Palma” və “Atlant” istirahət mərkəzləri ilə yaxından tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, altı ildir fəaliyyət göstərən bu istirahət mərkəzlərində dincələnlər üçün hər cür şərait yaradılmışdır. 4 hektar ərazisi olan “Malibu”da 40-dan çox kottecdə eyni vaxtda 240 nəfər istirahət edə bilər.
“Palma” istirahət mərkəzi isə Xəzərin mənzərəli sahilində yerləşir. Burada müasir tipli ikimərtəbəli 28 kottec var. Otaqların hər biri televizor, daxili telefon, mebel dəsti, soyuducu və sanitar qovşağı ilə təchiz edilmişdir. Dincələnlərin Qafqaz dağlarının ecazkar təbiətini seyr etməsi, eləcə də Azərbaycanın bir sıra tarixi abidələri ilə tanış olması üçün gəzintilər, Quba, Xaçmaz, Qusar və Dərbənd şəhərlərinə ekskursiyalar təşkil olunur.
Sonra Prezident İlham Əliyev “Atlant” istirahət və əyləncə mərkəzində oldu. Bildirildi ki, burada eyni vaxtda 600-dən çox insanın dincəlməsi mümkündür, yerli və xarici turistlərin rahatlığı üçün hər cür şərait var. 8 hektar sahəsi olan bu kompleks ilin müxtəlif fəsillərində, xüsusilə yay aylarında qonaqları öz gözəlliyi ilə valeh edir. Bütün xidmət növləri beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir. Burada 176 kottec tipli evlər, idman meydançaları, avtomobil dayanacaqları, bazar xidməti sahəsi, 550 nəfərlik diskoteka, üç hovuz, dörd akvapark, gəmi-bar, kompyuter salonu, bar və 120 nəfərlik yay kafesi var. Əsasən günəş və külək enerjisindən istifadə olunur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Atlant” istirahət mərkəzinə dördulduzlu sertifikat verilmişdir. Ərazini daha 4 hektar genişləndirmək nəzərdə tutulur. Məqsəd yerli turistlərlə yanaşı, xarici turistlərin respublikamıza axınına da nail olmaqdır. Gələn il mövsümündə Dağıstandan 500-dən çox turistin gəlməsi gözlənilir.
Dövlətimizin başçısı istirahət mərkəzini gəzdi, “Atlant”da yay istirahəti ilə bağlı filmə baxdı. O, burada yaradılan şəraiti yüksək qiymətləndirdi, turizmin inkişafı üçün ölkəmizdə hər cür potensialın olduğunu, istirahət mərkəzlərinin daha da genişləndirilməsinin zəruriliyini bildirdi, turizmin inkişafı üçün səylərin daha da artırılmasını tövsiyə etdi.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna səfəri başa çatdı.