MALİYYƏ NAZİRİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, söhbət, əsasən, 2005-ci il üçün dövlət büdcəsinin layihəsindən getmişdir.
Maliyyə naziri ötən beş ildə sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş göstəriciləri xatırlatmaqla yanaşı, sonuncu prezident seçkilərindən keçən bir il ərzində qazanılmış uğurlarından da ətraflı bəhs etmişdir. O, Prezidentin bir illik fəaliyyəti dövründə imzaladığı sənədlərdən üçünün - “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və 2004-cü ilin dövlət büdcəsinin təsdiqi ilə bağlı fərmanın əhəmiyyətini xüsusi vurğulamış, onların yerinə yetirilməsi ilə bağlı görülmüş işlər, əldə olunmuş nəticələr barədə məlumat vermişdir.
Nazirin sözlərinə görə, 9 ayda ümumi daxili məhsulun artımı 9,9 faiz olmuşdur. Bu, MDB məkanında və Şərqi Avropada diqqəti cəlb edən ciddi rəqəmdir. Göstərilən müddətdə orta aylıq əmək haqqı 25,2 faiz artmış, inflyasiya 5,7 faiz olmuşdur. Büdcənin icrası 104,8 faiz təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz - 1trilyon 38 milyard manat artım deməkdir. Bütün maliyyə mənbələri hesabına sərmayə qoyuluşuna keçən ilin doqquz ayına nisbətən 45,3 faiz çox vəsait yönəldilmişdir.
Əvəz Ələkbərov 2005-ci ilin dövlət büdcəsinin layihəsi barədə geniş məlumat verərək bildirmişdir ki, 997 səhifəlik büdcə zərfi Milli Məclisə təqdim olunmuşdur.
Maliyyə naziri daha sonra jurnalistləri maraqlandıran suallara cavab vermişdir.