MALTA RESPUBLİKASI BANKININ İDDİALARI ƏSASSIZDIR
Milli Bank tərəfindən aparılmış araşdırmalar zamanı belə bir əməliyyat üzrə hər hansı bir qeyd aşkar olunmamışdır. Nazirlik də zəmanət verdiyini təkzib edir. Aparılmış araşdırmalar göstərir ki, Malta bankının kredit verdiyi iddia olunan müəssisələr, ümumiyyətlə, Azərbaycanda dövlət qeydiyyatına alınmamışdır və mövcud deyildir. Araşdırmalar zamanı “borclu müəssisələr” və “kredit əməliyyatı” üzrə ətraflı məlumatların əldə edilməsi üçün iddiaçı banka və onun hüquqlarını təmsil edən şirkətə sorğular göndərilsə də, onlar bu sənəd və məlumatları verməkdən imtina etmişlər. Poçtbankda və digər iddia olunan tərəflərdə bu sənədlərin olmaması, iddiaçı tərəfin isə bu sənədləri təqdim etməməsi Malta bankının iddialarının əsaslı olmasına ciddi şübhələr yaradır.
Bununla əlaqədar Milli Bankın sorğusu ilə Maltanın Maliyyə Nəzarəti Agentliyi məsələnin araşdırılmasına başlamışdır. Araşdırmaların bu günlərdə tamamlanması gözlənilir.
Bütövlükdə, Milli Bank Poçtbankın fəaliyyəti və mövcud vəziyyəti ilə bağlı davamlı nəzarəti həyata keçirir. Buna görə də bu proseslər əhaliyə heç bir ziyan törədə bilməz.
Xatırladaq ki, Milli Bank tərəfindən hələ əvvəllər Poçtbankın lisenziyası məhdudlaşdırılmışdı və bu bank demək olar ki, yalnız kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət göstərməkdədir.