“Marakana” futbol stadionuna Pelenin adı verilə bilər
Bakı, 10 mart, AZƏRTAC
Rio-de-Janeyro şəhərində yerləşən “Marakana” futbol stadionuna Braziliya millisində üçqat dünya çempionu adını qazanan Pelenin (futbolçunun əsl adı Edson Arantes do Nasimento) adı verilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, idman obyektinə Edson Arantis do Nasimento adının verilməsinə dair qanun layihəsi əyalət qanunverici orqanı tərəfindən təsdiqlənib.
Dünyanın ən böyük, möhtəşəm stadionlarından biri olan “Marakana”nın tikintisinə 1948-ci ildə başlanılıb. 1950-ci ildə Braziliyada keçirilən dünya çempionatı üçün inşa olunan arenada işlər 1965-ci ildə yekunlaşıb. Rəsmi adı “Mario Filyu” olan stadionda yerli “Flamenqo”, “Fluminense” və bütün yaş qruplarından ibarət Braziliya yığma komandaları ev oyunlarını keçirirlər. Həmçinin arenada hər il Karaoke Liqasının final oyunu da təşkil olunur.
Daha əvvəllər “Marakana” azarkeş tutumuna görə, dünyanın ən böyük stadionu hesab olunub. Rekonstruksiyadan sonra stadion azarkeş tutumuna görə liderliyini itirib.
Pelenin milli komandadakı debütü 1957-ci ilin iyulunda “Marakana” stadionunda Argentina ilə oyunda (1: 2) baş tutub. On altı yaşlı hücumçu braziliyalıların yeganə qolunu vurub. Pele Braziliya millisində son oyununu 1971-ci ildə əfsanəvi stadionda Yuqoslaviya millisinə qarşı keçirib. Ümumilikdə, hücumçu millidə 92 matç keçirib və 77 qol vurub.
Pele futbol tarixində vurulan ən çox qolun müəllifi kimi (müxtəlif mənbələrə görə bu rəqəm 1279 ilə 1283 arasında dəyişir) və eyni zamanda, üçqat dünya çempionu olaraq Ginnesin “Rekordlar kitabı”na daxil edilib.
Pelenin Olimpiya Oyunlarında iştirak etməməsinə baxmayaraq, 1999-cu ildə də Beynəlxalq Olimpiya Komitəsi onu əsrin ən yaxşı idmançısı kimi tanıyıb.