MARNEULİDƏ AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
Mərkəzin direktoru Fazil Həsənov tədbiri açaraq, bildirmişdir ki, 15 iyun, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün Azərbaycanın anarxiyadan, özbaşınalıqdan, səriştəsiz idarəçilikdən, vahid dövlətçiliyin və millətin parçalanmasından, hərc-mərclikdən xilas olmasının başlanğıc günü kimi müqəddəs və əzizdir. O xatırlatmışdır ki, dünyaşöhrətli siyasi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkəni böyük müsibətlərdən xilas etdi, Azərbaycanı dünya ictimaiyyətinin gözündə ucaltdı.
Natiq məhz ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın qazandığı nailiyyətlərdən, onun uzaqgörən siyasətini Prezident İlham Əliyevin yüksək səviyyədə və çox uğurla davam etdirdiyindən danışmışdır. O, artıq işə düşən Bakı-Tbilisi-Ceyhan neft kəmərini ulu öndər Heydər Əliyevin cəsarətli neft strategiyasının təntənəsi, kəmərin Gürcüstan ərazisindən keçməsini isə onun borçalılara qayğı və diqqətinin əməli təcəssümü kimi qiymətləndirmişdir.
Tədbir iştirakçıları ulu öndərin hakimiyyətə qayıdışının Azərbaycanı xilas etməsi ilə yanaşı, 90-cı illərin əvvəllərində Gürcüstanda azərbaycanlılara qarşı ədalətsizliyin, ayrı-seçkiliyin, onların köçhaköçünün qarşısını da aldığını, onun sayəsində gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndiyini, iki ölkə arasında həyatın bütün sahələrində əlaqələrin daha da genişləndiyini vurğulamışlar.