İQTİSADİYYAT
Martın 15-də Moskvada MDB ölkələrinin Beynəlxalq iqtisadi forumu keçiriləcəkdir
Bakı, 1 fevral (AZƏRTAC). Martın 15-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Beynəlxalq iqtisadi forumu keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Müasir dövrün çağırışları və Birlik məkanında inteqrasiyanın inkişafı perspektivləri“ mövzusunda forumun təşkilatçısı MDB İcraiyyə Komitəsinin və Maliyyə-Bank Şurasının dəstəyi ilə MDB İşgüzar İqtisadi İnkişaf Mərkəzidir. Forum MDB İqtisadi Şurasının növbəti iclası ilə eyni vaxtda keçiriləcəkdir.
Forumda 1500-dən çox adam - MDB ölkələri hökumət başçılarının müavinləri, nazirlər, iqtisadi inkişaf, sənaye və ticarət nazirliklərinin əməkdaşları, hakimiyyət orqanlarının, sahə və bank birliklərinin nümayəndələri, sahibkarlar, Birlik ölkələrinin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Forumun işinə Azərbaycan nümayəndə heyətinin qatılacağı gözlənilir.
Forumun başlıca vəzifəsi iqtisadi əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinin perspektiv və mexanizmlərini müzakirə etməkdir. Azad ticarət zonası haqqında müqavilənin həyata keçirilməsi, Vahid iqtisadi məkan çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı kompleks məsələləri gözdən keçirmək də planlaşdırılmışdır.
MDB ölkələrinin beynəlxalq iqtisadi forumu iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə-bank sistemində, əczaçılıq sahəsində öncül inteqrasiya layihələri ilə tanış olmaq, işgüzar əməkdaşlığın sonrakı inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq, Birlik məkanında biznesin inkişafı üçün əngəlləri aradan qaldırmaq istiqamətində təkliflər işləyib hazırlamaq üçün nadir fürsət yaradır. Forumun işgüzar proqramına plenar iclaslar, ixtisaslaşdırılmış “dəyirmi masa”lar, innovasiya layihələri sərgisi daxil edilmişdir. Bundan əlavə, “Azad ticarət zonasından inteqrasiyanın yeni dərəcələrinə doğru”, “İnvestisiyalar, innovasiyalar. Real iqtisadiyyat”, “MDB-nin maliyyə bazarları Birlik dövlətlərinin iqtisadiyyatının sabit iqtisadi inkişafının əsasıdır”, “Beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması”, “MDB ölkələrinin əczaçılıq sənayesi və tibbi xidmətlər bazarı” mövzularında tematik seksiyalar nəzərdə tutulmuşdur.
Forum çərçivəsində müsabiqəyə yekun vurulacaq və mükafatlar - “MDB biznesinin lideri” və “İqtisadi inteqrasiyanın lideri” fəxri nişanları təqdim olunacaqdır.