İQTİSADİYYAT
Masallıda məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 26,6 faiz artıb
Masallı, 18 iyul (AZƏRTAC). Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən hesabat yığıncağında 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda 2014-cü ilin birinci yarısında rayonda yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə rayonun inkişaf proqramında nəzərdə tutulan bir sıra sosial və mədəniyyət obyektlərinin tikintisi davam etdirilib. Masallı şəhərinin Həzi Aslanov küçəsində yerləşən kommunal binalarının fasadları və dam örtükləri əsaslı təmir edilib, Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrinə asfalt döşənib, işıqlandırma sistemi yenidən qurulub. Hazırda Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq incəsənət məktəbinin, Bayraq Meydanının tikintisi davam etdirilir.
Masallı şəhər 1 nömrəli, Kolatan kənd tam orta məktəblərində əsaslı təmir, Mahmudavar kənd əsas məktəbinin tikintisi işləri aparılır, Bədəlan kənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılıb. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılıb.
Bu ilin birinci yarısında Masallı Rayon Məşğulluq Mərkəzinə 155 nəfər müraciət edib. Onlardan 98 nəfəri işlə təmin edilib. Bu dövrdə rayon üzrə 241 yeni iş yeri açılıb.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunub. Belə bir inam ifadə edilib ki, yeni qəbul olunmuş üçüncü Dövlət Proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcək.
Məlumat verilib ki, hesabat dövründə rayon üzrə məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz artaraq 243862,4 min manat olub.
Dövlət Proqramı əsasında rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar Qədirli və Xallıcallı kəndlərində yeni qaz xətlərinin çəkilməsinə başlanılıb.
Diqqətə çatdırılıb ki, Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 19 kilometrə yaxın magistral xətt çəkilib.
Hesabat yığıncağında çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişafla bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.